Son dəqiqə

Fransa Avropa İttifaqı Emmanuel Makron meşə yanğınları

Fransa meşə yanğınları ilə mübarizə üçün Aİ-dən yardım istəyib

BAKI,TurkicWorld Orxan Qədirzadə

Fransa Atlantik okeanı sahillərində baş verən genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparmaq üçün Avropa İttifaqından (Aİ) yardım tələb edib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkədə, xüsusilə Jirond (Gironde) bölgəsində vəziyyət hələ də "son dərəcə gərgin" olaraq qalır.

Makron sosial media hesabında yazıb ki, Fransa Aİ-nin mülki müdafiə mexanizminin işə salınmasını istəyib.

Fransa liderinin sözlərinə görə, yaxın vaxtlarda ölkəyə yanğınlarla mübarizə üçün əlavə texnika və qüvvələr göndəriləcək. Yardım çərçivəsində Xorvatiyadan iki Canadair tipli yanğınsöndürmə təyyarəsi, Portuqaliyadan iki Air Tractor təyyarəsi, eləcə də Çexiya və Slovakiyadan iki ağır Black Hawk helikopterinin cəlb olunması planlaşdırılır.

Minlərlə insan təxliyə edilib

Fransanın cənub-qərbində yerləşən ərazilərdə sürətlə yayılan meşə yanğınları nəticəsində 10 mindən çox insan gecə saatlarında təhlükəsiz ərazilərə köçürülüb.

Yanğınların Bordo şəhərinin qərbində yerləşən ərazilərdə ən azı 2 min 400 hektar meşə və torpaq sahəsini əhatə etdiyi bildirilib.

Yanğınsöndürən qüvvələr alovun yayılmasının qarşısını almaq üçün genişmiqyaslı əməliyyat aparır.

Fransada yay aylarında yüksək temperatur, quraqlıq və güclü küləklər meşə yanğınları riskini artıran əsas amillərdən hesab olunur.

Mövzuya görə xəbərlər