BAKI,TurkicWorld
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığın prioritetləri və regional layihələr müzakirə edilib.
TurkicWorld xəbər verir ki, energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüş keçirib. Görüşdə Azərbaycan–Aİ enerji tərəfdaşlığının əsas istiqamətləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də Azərbaycan qazının alıcılarının coğrafiyasının genişləndirilməsi məsələləri müzakirə olunub.
Bildirilib ki, ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr təbii qaz tədarük edilib. Qeyd olunub ki, təbii qazla yanaşı, bərpa olunan enerji, enerji səmərəliliyi və digər mühüm istiqamətlər Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda əksini tapır və bu sənəd ikitərəfli münasibətlərin əsasını təşkil edir.
Görüşdə elektrik enerjisinin ötürülməsi üzrə regional enerji bağlantıları da müzakirə edilib. Azərbaycanla Avropa arasında Qara dəniz üzərindən, habelə Naxçıvan və Gürcüstan marşrutları üzrə planlaşdırılan layihələrdən bəhs olunub. “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin ENTSO-E-nin 2026–2036-cı illəri əhatə edən Şəbəkə İnkişaf Planına daxil edilməsi və “Ortaq Maraqlar Layihəsi” statusunun əldə olunması imkanları üzrə fikir mübadiləsi aparılıb. Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni birləşdirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən strateji enerji dəhlizi kimi əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı günəş və külək enerjisi daxil olmaqla bərpa olunan enerji layihələri üzrə Avropa şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib, Azərbaycan–Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.