Sloveniya Cənub Qaz Dəhlizi ilə qaz tədarükünü dəstəkləyir

Sloveniya Cənub Qaz Dəhlizi ilə qaz tədarükünü dəstəkləyir

Bakı. Trend:

Sloveniya Cənub Qaz Dəhlizi ilə qaz tədarükünü dəstəkləyir.

Bu barədə Trend-ə Sloveniya hökumətindəki mənbədən bildiriblər.

Mənbənin sözlərinə görə, Sloveniya Mərkəzi və Cənub-Şərqi Avropaya qaz tədarükü mənbələrinin diversifikasiyasına imkan yaradacaq bütün səyləri dəstəkləyir.

"Bu, xüsusən indi vacibdir. Ukraynada müharibə başladıqdan sonra biz alternativ qaz tədarükü mənbələri axtarırıq. Cənub Qaz Dəhlizindən qaz tədarükləri, şübhəsiz, gözdən keçirilməli variantlardan biridir", - deyə mənbə bildirib.

Ticarət bazarlarından danışan mənbə Sloveniyanın əsasən bazarların daha çox diversifikasiyasına yönəldiyini qeyd edib.

"Ümumi Aİ bazarının mühüm bir hissəsi olduğumuzdan həm də ixracın 24 faizini Aİ ölkələrindən kanara yönəldirik, bu isə öz növbəsində Xəzər dəhlizindən ticari tərəfdaşların vacibliyini artırır. Hər bir yeni ticarət marşrutu Sloveniya iqtisadiyyatı, eləcə də, tərəfdaş ölkələrin iqtisadiyyatı, o cümlədən, ixracın diversifikasiyası üçün bir çox üstünlüklər vəd edir. Bu, şübhəsiz, iqtisadiyyatımızın daha sabit və dayanıqlı olmasına imkan yaradacaq ki, bu da öz növbəsində ölkənin dayanıqlı iqtisadi artımı üçün həlledici əhəmiyyət kəsb edir", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC (CQD) 31 mart 2014-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (51 fazi) tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (49 faiz) ilə birgə təsis edilib.

SOCAR-ın CQD layihələrindəki bütün iştirak payları "Cənub Qaz Dəhlizi" QSC-yə (CQD) təhvil verilib.

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. 2023-cü ildə ölkə Avropaya bu marşrutla 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sektorunda əməkdaşlıq memorandumu imzalanıb ki, bu da Cənub Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin 2027-ci ilə qədər ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən marşrut keçidi yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)