ABŞ "yaşıl hidrogen" istehsalında Azərbaycana dəstək verməyə hazırdır - Dövlət katibinin köməkçisi

ABŞ "yaşıl hidrogen" istehsalında Azərbaycana dəstək verməyə hazırdır - Dövlət katibinin köməkçisi

Bakı. TurkicWorld:

ABŞ "yaşıl hidrogen" istehsalında Azərbaycana dəstək verməyə hazırdır.

Bunu brifinqdə ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Pyatt Trend-in sualını cavablandırarkən deyib.

“Azərbaycan və ABŞ-ın oxşar baxış bucağı var - hər ikimiz neft və qaz istehsalçılarıyıq, lakin eyni zamanda iqlim böhranı ilə bağlı yaranmış kritik vəziyyəti, təmiz enerji və yeni enerji texnologiyalarına keçidlə bağlı öhdəliyimizi ikiqat artırmaq zərurətini dərk edirik. Məsələn, “yaşıl” hidrogen Azərbaycan hökuməti üçün prioritet sahələrdən biridir.

ABŞ İnflyasiyanın Azaldılması Aktına daxil edilmiş stimul sayəsində bu sahədə dünyaya liderlik edəcək.

Tezliklə bizim ABŞ-da, məsələn, ExxonMobile kimi şirkətlər tərəfindən həyata keçirilən təmiz hidrogen istehsalı üçün yeni irimiqyaslı layihələrimiz olacaq. Aydındır ki, Azərbaycanın bu sahədə çox şey etmək potensialı var”, - deyə o bildirib.

Pyatt əlavə edib ki, səfəri zamanı o, SOCAR-ın nümayəndələri ilə danışıb, metan və karbon emissiyalarının tutulması planlarını müzakirə edə bilib. Onun sözlərinə görə, Azərbaycan və ABŞ şirkətlərinin, məsələn, ExxonMobile və ya Chevron-un bu məsələyə baxışı eynidir: "Ona görə də ortaq nöqtələr çoxdur, bu sahədə də potensial var".