Bakı. TurkicWorld:
"Uzbekistan Airways" Azərbaycanın paytaxtına reyslərin tezliyini artırmağı planlaşdırır.
TurkicWorld-un məlumatına görə, bu barədə çərşənbə axşamı Trend-ə "Uzbekistan Airways" şirkətinin nümayəndəsi Aleksandr Penxasov deyib.
Onun sözlərinə görə, aviaşirkət Bakıya reyslərin tezliyini həftədə beş dəfəyədək artırmağı planlaşdırır.
"Bundan başqa, Azərbaycanın digər şəhərləri istiqamətində yeni istiqamətlərin açılacağı, həmçinin, bu bazarda fəaliyyətimizin genişlənəcəyi gözlənilir. Bakı şəhərində keçirilən müvafiq sərgi bizə öz imkanlarımızı nümayiş etdirmək, habelə, yeni əməkdaşlıq qurmağa şərait yaradacaq", - Penxasov deyib.
O, "Uzbekistan Airways"in Bakıya həftədə dörd dəfə tezliklə mütəmadi reyslər həyata keçirdiyini xatırladıb. "Uzbekistan Airways" Mərkəzi Asiya bazarında bu sahədə liderlərdən biridir.
Xatırladaq ki, 30 mart 2023-cü il tarixindən "Özbəkistan hava yolları" Daşkənd - Bakı - Daşkənd marşrutu üzrə əlavə reysləri işə salıb. Hazırda uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri olmaqla həftədə dörd dəfə həyata keçirilir.