Türkiyədə uşaqların 95 faizdən çoxu özünü xoşbəxt hiss edir

Türkiyədə uşaqların 95 faizdən çoxu özünü xoşbəxt hiss edir

Bakı, TurkicWorld:

Türkiyədə 2022-ci ildə özünü xoşbəxt və ya orta dərəcədə xoşbəxt hiss edən uşaqların nisbəti 96,7% olub.

Bu barədə TurkicWorld-a Türkiyə Statistika İnstitundan (TÜİK) bildirilib. Məlumatda qeyd olunan nəticələr 14 min 705 uşaq arasında aparılan sorğunun yekunudur.

Məlumata əsasən, bütün həyatları boyu özünü xoşbəxt hiss edən 13-17 yaş qrupunda olan uşaqların nisbəti 69,1% ikən, eyni yaş qrupunda özünü orta dərəcədə xoşbəxt hiss edənlərin nisbəti 27,6%, xoşbəxt hiss etməyənlərin nisbəti isə 3,4% olub.

Statistikada o da qeyd olunur ki, 13-17 yaş qrupunda özünü xoşbəxt hiss edən oğlanların nisbəti 71,4% ikən, qızların nisbəti 66,5%, eyni yaş qrupunda özünü orta dərəcədə xoşbəxt hiss edən oğlanların nisbəti 25,6%, qızların nisbəti 29,6%, özünü xoşbəxt hiss etməyən oğlanların nisbəti 2,9%, qızların nisbəti isə 3,9% təşkil edib.

Məlumata görə, Türkiyədə keçən il sorğuda iştirak edən uşaqların 34% -nin şəxsi otağı olduğu halda, onlardan 29,4% - i bir otaqda bir ailə üzvləri ilə yaşayır. İki və daha çox ailə üzvü ilə otaqlarını bölüşənlərin nisbəti 36,6% olub. Statistikaya əsasən, 0-1 yaş qrupunda bu nisbət 23,4% olduğu halda, 15-17 yaş qrupunda 45,3% olub.

Bundan əlavə qeyd edək ki, Türkiyədə 2022-ci ildə müvafiq funksional sahədə çətinlik çəkən və ya bunu ümumiyyətlə edə bilməyən 5-17 yaş qrupunda uşaqlar müayinə olunduqda məlum olub ki, görmədə çətinlik çəkən uşaqların nisbəti 1% təşkil edib. Eyni yaş qrupunda eşitmə çətinliyi olan uşaqların nisbəti 0,2%, eyni yaş qrupunda yeriməkdə çətinlik çəkdiyi bildirilən uşaqların nisbəti isə 1,1% olub. Özünə qulluqda çətinlik çəkən uşaqların nisbəti isə 0,9% təşkil edib.

İnstitutdan verilən məlumatda qeyd olunub ki, məktəb dərslərini könülsüz edən 6-17 yaş qrupunda oğlanların nisbəti 12,7% ikən, eyni yaş qrupunda olan qızların nisbəti 14,1% olub.

15-17 yaş qrupunda dərslərinin könülsüz və təzyiq altında edən uşaqların faiz göstəricisi 14,3% təşkil edib. Eyni kateqoriyada 6-9 yaş qrupunda olan uşaqların nisbəti 12,1%, 10-12 yaş qrupunda olan uşaqların nisbəti 14,0%, 13-14 yaş qrupunda isə 13,8% təşkil edib.