Fevral ayında Türkiyədə satın alınan mənzillərin sayı 80 mini ötüb

Fevral ayında Türkiyədə satın alınan mənzillərin sayı 80 mini ötüb

Ankara. TurkicWorld:

2023-cü ilin fevral ayında Türkiyədə 80 min 31 mənzil satın alınıb ki, bu da 2022-ci ilin fevral ayı ilə müqayisədə 18 faiz azdır.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə,2023-cü ilin yanvar-fevral aylarında Türkiyədə 179 min 739 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara 3 min 350 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz azdır.

Hesabat dövründə əcnəbilər ən çox mənzili Antalya şəhərindən alıblar.

Belə ki, Antalyada əcnəbilərə satılan mənzillərin sayı 1 min 261 olub ki, onu sırası ilə 1 min 133 mənzil ilə İstanbul və 225 mənzil ilə Mersin izləyib.

Əlavə olaraq qeyd edək ki, Türkiyədə ən çox mənzil alan xarici vətəndaşlar 1 min 183 nəfər ilə Rusiyadan olub. Onları sırası ilə İran (446), İraq (173) və Ukrayna (142) izləyib.