Bakı. TurkicWorld:
Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" çərçivəsində 2060-cı ilədək neft-qaz sektorunda istixana qazı emissiyalarının azaldılması məqsədilə beş əsas istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Fərman Qurbanlı çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
F.Qurbanlı bildirib ki, iqlim dəyişmələri ilə mübarizə və 2060-cı ilədək qarşıya qoyulan hədəflərə nail olunması üçün bir sıra əsas istiqamətlər müəyyənləşdirilib.
"Yaşıl enerji"yə keçidin sürətləndirilməsi, su və tullantıların idarə edilməsinin təkmilləşdirilməsi, iqlim dəyişmələrinə davamlılığın artırılması və şəffaflığın gücləndirilməsi əsas istiqamətlər sırasındadır", - deyə o qeyd edib.
Nazirliyin aparat rəhbəri təbii karbon uducularının, xüsusilə meşələrin potensialının artırılmasının da strategiyada mühüm yer tutduğunu vurğulayıb.
Onun sözlərinə görə, meşələrin iqlim dəyişmələrinin təsirlərinin azaldılmasında rolu digər istiqamətlərlə müqayisədə məhdud olsa da, bu sahənin inkişafı və meşə potensialının artırılması üzrə işlər davam etdirilir.
F.Qurbanlı enerji sektorunun qarşıya qoyulan iqlim hədəflərinə çatmaqda xüsusi əhəmiyyət daşıdığını bildirib.
"İstixana qazı emissiyalarının böyük mənbələrindən biri məhz enerji sektorudur. Buna görə də neft-qaz sahəsində artıq uğurlu işlərə başlanılıb və mövcud texnoloji imkanlara əsaslanan kompleks tədbirlərin həyata keçirilməsi hədəflənir", - deyə o əlavə edib.
O qeyd edib ki, 2060-cı ilədək neft-qaz sektorunda emissiyaların azaldılması üzrə ilk istiqamət əməliyyatlarda enerji səmərəliliyinin artırılmasıdır. Enerjidən daha səmərəli istifadə yanma prosesləri nəticəsində yaranan emissiyaların azalmasına imkan verəcək. Bu tədbirlərin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan əlçatan və təmiz enerjinin təşviqinə də töhfə verməsi nəzərdə tutulur.
İkinci istiqamət avadanlıqların elektrikləşdirilməsi və onların bərpaolunan enerji mənbələrindən əldə olunan elektrik enerjisi ilə işləməsinin təmin edilməsidir. Bildirilib ki, nəqliyyat və ictimai nəqliyyat sahəsində elektriklə işləyən nəqliyyat vasitələrinin sayının artırılması, gələcəkdə isə onların şarj prosesində bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Üçüncü istiqamət metanın atmosferə birbaşa buraxılmasının azaldılmasıdır. Bunun üçün əməliyyat proseslərinin təkmilləşdirilməsi və daha səmərəli texnologiyaların tətbiqi planlaşdırılır. Bu çərçivədə təhlükəsizlik məqsədilə həyata keçirilən məşəldə yandırma proseslərinin də qismən azaldılması nəzərdə tutulur.
Dördüncü istiqamət avadanlıq və boru kəmərlərində sızmaların vaxtında aşkarlanması və aradan qaldırılmasıdır. Bu tədbirlər nəticəsində sızmalar hesabına atmosferə atılan istixana qazlarının həcminin azaldılması hədəflənir.
Beşinci istiqamət isə emissiyaların kompensasiyası üzrə proqramların hazırlanmasıdır. Bu çərçivədə meşələrin bərpası və bərpaolunan enerji layihələrinə investisiyaların yönəldilməsi vasitəsilə emissiyaların azaldılmasına və atmosferdəki istixana qazlarının udulmasına töhfə verilməsi nəzərdə tutulur.
F.Qurbanlı vurğulayıb ki, qeyd olunan tədbirlərin kompleks şəkildə həyata keçirilməsi enerji, neft-qaz, nəqliyyat, sənaye, binalar, tullantıların idarə edilməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı kimi əsas sahələrdə emissiyaların azaldılmasına imkan verəcək.







