BAKI,TurkicWorld
Azərbaycanda dövlət və özəl sektorda məlumatlara əsaslanan qərarvermə mədəniyyətinin formalaşdırılması, dövlət informasiya sistemlərinin inteqrasiyasının gücləndirilməsi və rəqəmsal həllərin inkişafı əsas hədəflərdəndir.
TurkicWorld-un tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev cümə axşamı Bakıda keçirilən dövlət maliyyəsinin rəqəmsal transformasiyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biri məlumat bazalarının formalaşdırılması və məlumatlara əsaslanan qərarların daha sürətli qəbul edilməsidir. Bununla yanaşı, daxili proseslərin tam rəqəmsallaşdırılması nəticəsində kağızdan istifadənin minimuma endirilməsi nəzərdə tutulur.
Ş.Əliyevin sözlərinə görə, növbəti mühüm istiqamət süni intellekt həllərinin tətbiqidir. Rəqəmsal mühitdə formalaşan məlumatlar əsasında proseslərin avtomatlaşdırılması, agent əsaslı həllərdən istifadə və milli süni intellekt modellərinin hazırlanaraq dövlət qurumlarında tətbiqi planlaşdırılır.
O qeyd edib ki, innovasiya ekosisteminin inkişafı da rəqəmsal transformasiyanın əsas komponentlərindən biridir. Bu çərçivədə dövlət sistemlərində formalaşan xidmətlərin, məlumatların və infrastruktur həllərinin innovasiya ekosistemi üçün əlçatan olması nəzərdə tutulur.
"Bunun nəticəsində innovativ məhsulların və yerli startapların inkişafına töhfə verilməsi, vençur fondlarının yaradılması, xarici şirkətlərin Azərbaycana cəlb olunması, eləcə də ölkənin İT bazarının genişləndirilməsi və ixrac potensialının artırılması hədəflənir", - deyə o bildirib.
Ş.Əliyev vurğulayıb ki, kibertəhlükəsizlik də rəqəmsal transformasiyanın vacib istiqamətlərindəndir. Məqsəd formalaşan rəqəmsal ekosistemin təhlükəsizliyini və dayanıqlılığını təmin etməkdir.
Dövlət qurumlarının informasiya sistemləri arasında qarşılıqlı əlaqənin təmin edilməsinin vacibliyinə toxunan agentlik rəsmisi qeyd edib ki, söhbət yalnız ayrı-ayrı xidmətlərin rəqəmsallaşdırılmasından və ya müstəqil sistemlərin yaradılmasından deyil, vahid ekosistemin formalaşdırılmasından gedir.
"Burada vahid bir ekosistemin yaranmasından söhbət gedir. Bunu da, təbii ki, əlaqələndirmək lazımdır", - deyə o bildirib.
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, dövlət informasiya sistemləri və ehtiyatları arasında inteqrasiya "Elektron hökumət" informasiya sistemi üzərindən həyata keçirilir. Dövlət qurumları da yaratdıqları sistemlərin inteqrasiyasını bu yanaşmaya uyğun qururlar. Bu, digər qurumlara öz xidmətlərini rəqəmsallaşdırmaq üçün zəruri məlumatları əldə etməyə imkan verir.
Ş.Əliyev bildirib ki, dövlət qurumlarında formalaşan məlumatlar vətəndaşların razılığı əsasında həm dövlət orqanları, həm də özəl sektor nümayəndələri tərəfindən əldə edilə bilər. Növbəti mərhələdə Maliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində özəl sektor üçün də inteqrasiya imkanlarının yaradılması nəzərdə tutulur.
O əlavə edib ki, bazarda fəaliyyət göstərən İT şirkətləri süni intellekt əsaslı və ERP (müəssisə resurslarının planlaşdırılması) həlləri hazırlayırlar. Bu həllər şirkətlərin daxili proseslərinin rəqəmsallaşdırılmasına xidmət edir.
"Belə olan halda biz rəqəmsal tranzaksiya əsasında həmin məlumatların şirkətlərə ötürülməsini təmin edəcəyik. Bunun nəticəsində şirkətlər yerli bazarda fəaliyyət göstərən təşkilatlara daha innovativ həllər təqdim edə biləcəklər. Növbəti mərhələdə isə bu həllər xarici bazarlara da ixrac oluna bilər", - deyə o vurğulayıb.
Agentlik rəsmisinin sözlərinə görə, məlumatlara əsaslanan qərarvermənin həm dövlət qurumlarında, həm də özəl şirkətlərdə bir mədəniyyətə çevrilməsi əsas hədəflərdən biridir. Bu məqsədlə milli məlumat dövriyyəsinin formalaşdırılması istiqamətində işlər aparılır.
O bildirib ki, bu proses çərçivəsində hər bir quruma aid məlumatların təhlükəsiz şəkildə hökumət buludunda cəmlənməsi, ehtiyac yarandıqda isə müvafiq sahələr və qurumlar arasında təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi nəzərdə tutulur. Bu yanaşma qarşıya qoyulan problemlərin daha səmərəli həllinə və qərarların məlumatlar əsasında qəbul edilməsinə imkan yaradacaq.

