Bakı.TurkicWorld:
Azərbaycanda mis, qızıl və gümüş istehsalı ilə məşğul olan "Anglo Asian Mining PLC" şirkətinin gəlirləri 2026-cı ilin ilk yarısında 141,2 milyon dollar təşkil edib ki, bu da 2025-ci ilin eyni dövründəki 40,9 milyon dollarla müqayisədə əhəmiyyətli artımdır.
Şirkətin 30 iyun 2026-cı il tarixində başa çatan altı ay üzrə auditdən keçməmiş maliyyə hesabatına əsasən, hesabat dövrü "Anglo Asian Mining" şirkətinin bir neçə mədəninin tam gücü ilə fəaliyyət göstərdiyi ilk altı ayı əhatə edir. Bu müddət ərzində "Gilar" və "Demirli" mədənlərində hasilat fasiləsiz davam edib.
Şirkətin vergidən əvvəlki mənfəəti 2025-ci ilin ilk yarısındakı 7,1 milyon dollarla müqayisədə 68,5 milyon dollara yüksəlib.
Əməliyyat fəaliyyətindən xalis pul vəsaiti axını 78,5 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 11,4 milyon dollar olub. "Anglo Asian Mining"in 30 iyun 2026-cı il tarixinə xalis pul vəsaiti mövqeyi 57,7 milyon dollara çatıb. 2025-ci ilin sonunda bu göstərici 2,6 milyon dollar təşkil edib.
Mövcud hasilat səviyyəsinin qorunması xərcləri nəzərə alınmaqla ümumi istehsal maya dəyəri şirkətin əvvəl müəyyən etdiyi proqnozdan aşağı olub və qızıl üçün hər unsiyaya 1 224 dollar, mis üçün isə tonuna 5 158 dollar təşkil edib.
Şirkət, həmçinin 2026-cı maliyyə ili üzrə hər bir adi səhmə 6 ABŞ senti məbləğində aralıq dividend elan edib.
"Anglo Asian Mining" qeyd edib ki, şirkət orta müddətli strategiyasını həyata keçirməyə davam edir və əsas diqqəti misə yönəldən çoxprofilli orta səviyyəli istehsalçıya çevrilməyi qarşıya məqsəd qoyub.
"2025-ci ildə iki yeni mədənin istismara verilməsindən sonra şirkət 2026-cı ildə əsas məhsul kimi misə keçib", - deyə məlumatda bildirilir.
Şirkətin məlumatına görə, "Xarxar" və "Qaradağ" mis yataqlarının işlənməsi gözləntilərə uyğun davam edir. Bu yataqların müvafiq olaraq 2028 və 2029-cu illərdə istismara verilməsi gözlənilir. Şirkət 2030-cu ilə qədər orta səviyyəli istehsalçı statusuna keçidi başa çatdırmağı planlaşdırır.
"Anglo Asian Mining" şirkətinin baş icraçı direktoru Rza Vəziri bildirib ki, şirkət ilin ilk yarısının yekunlarına əsasən yüksək nəticələr nümayiş etdirib.
"İlin ilk yarısında əldə etdiyimiz effektiv nəticələri açıqlamaqdan məmnunam. Yeni "Gilar" və "Dəmirli" mədənlərinin əhəmiyyətli töhfəsi sayəsində yarımillik mis istehsalında rekord səviyyəyə çatdıq. Bu da gəlirimizi, mənfəətimizi və xalis pul vəsaitimizin həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verdi", - deyə o bildirib.
Onun sözlərinə görə, "Dəmirli" layihə gücünə çatdıqca şirkətin mis istehsalı hər rüb artmaqda davam edir.
""Dəmirli" layihə gücünə çatma prosesini başa çatdırdıqca mis istehsalımız rübdən-rübə artmaqda davam edir və tam istehsal həcminə dördüncü rübdə çatacağımız gözlənilir. Strategiyamıza uyğun olaraq, mis 2026-cı ildə və orta müddətli perspektivdə istehsal etdiyimiz əsas metal olacaq. "Xarxar" və "Qaradağ" yataqlarında işlər gözləntilərimizə uyğun irəliləyir və bu layihələrin müvafiq olaraq 2028 və 2029-cu illərdə istismara verilməsi planlaşdırılır", - deyə Vəziri qeyd edib.


