"Anglo Asian Mining" Azərbaycanda yeni yataqda qızılın həcminin artacağını açıqlayıb

"Anglo Asian Mining" Azərbaycanda yeni yataqda qızılın həcminin artacağını açıqlayıb

Bakı. TurkicWorld:

"Anglo Asian Mining" (AAM) şirkəti Azərbaycanda yeni "Gilar" yatağında böyük həcmdə qiymətli metal hasilatı gözləyir.

TurkicWorld-a şirkətdən bildirilib ki, yataqdakı yeni qazma məlumatları bundan xəbər verir.

Şirkətdən qeyd edilib ki, əvvəlki qazma ilə müqayisədə qızıl və mis minerallaşmanın 68 metrədək genişləndirilməsi gözlənilir.

"Yeni nəticələr "Gilar" yatağında gələcək kəşfiyyat və hasilat məqsədilə tunel inşasının sürətləndirilməsinə təkan verəcək. Biz həmçinin hər bir yataq üzrə məlumat bazasını yeniləməyə başlamışıq. Yeni məlumatların qiymətli metal hasilatının həcminə dair əvvəlki proqnozumuzu əhəmiyyətli dərəcədə artırmağa imkan verəcəyini gözləyirik", - "Anglo Asian Mining"dən bildiriblər.

Xatırladaq ki, bundan əvvəl "Gilar" yatağında 135 min unsiya qızıl, 21,5 min ton mis və 23 min ton sinkin olduğu bildirilmişdi.

"Anglo Asian Mining"in Azərbaycanda əsas fəaliyyəti Gədəbəy rayonunda cəmlənib və bu il rayonda "Zəfər" yatağının istismara verilməsi planlaşdırılır. Bundan başqa, yaxın illərdə şirkət Azərbaycanda "Qaradağ", "Xarxar" və "Dəmirli" kimi müqavilə zonalarını istismara verməyi planlaşdırır. "Anglo Asian Mining" şirkəti Zəngilan rayonunda "Vejnəli" qızıl yatağının kəşfiyyatına artıq başlayıb.

"Anglo Asian Mining" tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr əsasən İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.