Son dəqiqə

AİB Orta Dəhliz üçün Türkiyədəki dəmir yolu layihəsinə irihəcmli kredit ayırıb

BAKI,TurkicWorld

Asiya İnkişaf Bankı (AİB) Türkiyədə 127 kilometrlik yeni dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsi üçün 645,83 milyon avro (750 milyon ABŞ dolları) məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu vəsait "İstanbul Şimal Dəmir Yolu Keçidi" layihəsinə (Istanbul North Rail Crossing Project – INRAIL) yönəldiləcək.

TurkicWorld xəbər verir ki, bu barədə bankın rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Qeyd olunur ki, layihə daha rəqabətqabiliyyətli, etibarlı və iqtisadi cəhətdən səmərəli dəmir yolu infrastrukturu yaratmaqla Türkiyənin Avropa ilə Asiya arasında əsas nəqliyyat-logistika qovşağı kimi rolunu gücləndirməyə yönəlib.

"INRAIL layihəsi Asiya İnkişaf Bankı ilə Dünya Bankı arasında tam qarşılıqlı etimad mexanizmi çərçivəsində birgə maliyyələşdirilir. Layihə Bosfor boğazı üzərindən, İstanbulun mərkəzindən yan keçən yüksək ötürücülük qabiliyyətinə malik dəmir yolu əlaqəsinin yaradılmasına imkan verəcək.

Yeni xəttin iqtisadi artımı sürətləndirəcəyi, özəl investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və Türkiyənin logistika dəhlizlərinin təbii risklərə qarşı dayanıqlığının artırılmasına töhfə verəcəyi gözlənilir.

İstanbulun mərkəzi hissəsini yan keçən yeni ikixətli elektrikləşdirilmiş dəmir yolu xətti təchizat zəncirindəki məhdudiyyətləri aradan qaldıracaq və həm sərnişin, həm də yük daşımaları üçün istifadə ediləcək. Layihənin logistika şirkətləri və sərnişinlər üçün hərəkət imkanlarını və dayanıqlı nəqliyyata çıxışı yaxşılaşdıracağı gözlənilir", – deyə bankın məlumatında bildirilir.

Məlumata görə, tam qarşılıqlı etimad mexanizmi AİB ilə Dünya Bankı arasında layihələrin hazırlanmasını sürətləndirmək, prosedurların təkrarlanmasını azaltmaq və inkişaf dəstəyinin səmərəliliyini artırmaq məqsədilə yaradılmış birgə maliyyələşdirmə modelidir.

"AİB-in ilk krediti "İstanbul Şimal Dəmir Yolu Keçidi" layihəsinin maliyyələşdirilməsinin bir hissəsini təşkil edəcək. Eyni məbləğdə ikinci kreditin ayrılması məsələsinə 2028-ci ildə baxılması planlaşdırılır.

Layihədə Asiya İnkişaf Bankı və Dünya Bankı ilə yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və OPEC Beynəlxalq İnkişaf Fondu da iştirak edir.

Layihənin ümumi dəyəri 8,27 milyard ABŞ dolları həcmində qiymətləndirilir.

AİB-in məlumatına görə, layihə bankın Türkiyə ilə 2025–2027-ci illər üzrə tərəfdaşlıq strategiyasına, eləcə də ölkənin 2024–2028-ci illəri əhatə edən On İkinci İnkişaf Planına və dəmir yolu daşımalarının payının artırılmasını nəzərdə tutan milli nəqliyyat və logistika inkişaf planına uyğundur."

Asiya İnkişaf Bankı Asiya və Sakit okean regionu ölkələrində dayanıqlı və inklüziv iqtisadi artımı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf banklarından biridir. Bank 1966-cı ildə yaradılıb və 69 üzv ölkəni birləşdirir. Onlardan 50-si region ölkələridir.

Qeyd edək ki, bu ilin aprel ayında Dünya Bankı Bosfor boğazı üzərindən dəmir yolu əlaqəsinin inkişaf etdirilməsi və Türkiyənin Avropa, Asiya və Yaxın Şərq arasında əsas logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi məqsədilə həmin layihə üçün 2 milyard ABŞ dolları məbləğində kredit ayırmağı təsdiqləyib.

Məlumata əsasən, bu kreditin təsdiqlənməsi altı çoxtərəfli inkişaf bankının INRAIL layihəsi üçün ümumilikdə 6,75 milyard dollar həcmində maliyyə vəsaiti cəlb etmək istiqamətində koordinasiyalı fəaliyyətinin bir hissəsidir.

Aparıcı beynəlxalq maliyyə institutu kimi Dünya Bankı inkişaf resurslarını səfərbər edir, birgə maliyyələşdirmə mexanizmlərini əlaqələndirir və layihənin icrasını asanlaşdırmaq üçün vahid, sadələşdirilmiş satınalma prosedurlarını tətbiq edir.

Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən beynəlxalq nəqliyyat-ticarət marşrutudur və ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ hesab olunur.

Marşrut Çindən başlayır, Mərkəzi Asiya ölkələrindən keçir, daha sonra Xəzər dənizini aşaraq Azərbaycana, Gürcüstana və Türkiyəyə uzanır, oradan isə Avropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını kənardan keçən quru marşrutu olmaqla, Çinin də daxil olduğu Şərqi Asiyanı Avropa ilə birləşdirən mühüm nəqliyyat xəttidir.