BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinə hazırlıq işlərini intensivləşdirib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Ankara sammitinin alyans tarixində mühüm mərhələlərdən birinə çevrilməsi məqsədilə hazırlıq prosesi sürətlə davam etdirilir.
Ərdoğan ABŞ Prezidenti Donald Trampın sammitdə şəxsən iştirak edəcəyini açıqlamasını da NATO daxilində həmrəyliyin gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib.
Türkiyə Prezidenti çıxışında regional təhlükəsizlik məsələlərinə də toxunub. O bildirib ki, bölgədə sabitliyi poza biləcək və Türkiyənin milli təhlükəsizliyinə təhdid yarada biləcək addımlar qəbuledilməzdir.
Ərdoğan vurğulayıb ki, Türkiyənin təhlükəsizliyi yalnız öz sərhədləri daxilində deyil, regionun ümumi sabitliyi ilə sıx bağlıdır.
“Türkiyənin təhlükəsizliyi Hataydan deyil, Hələbdən, Dəməşqdən və Beyrutdan başlayır. Biz qardaş ölkələrə qarşı yönələn təhdidlərə dözməyəcəyik və təcavüz hallarına göz yummayacağıq”, - deyə Türkiyə lideri bildirib.
Prezident Ərdoğan İsraillə əməkdaşlıq məsələsinə də münasibət bildirib və bölgədə gərginliyi artıran addımlardan çəkinməyə çağırıb.
“Heç kim macəra axtarmamalı və heç kim kütləvi qətllər törədən sionist şəbəkənin arxasınca getməməlidir”, - deyə o vurğulayıb.
Türkiyə Prezidenti İsrailin hərəkətlərinin dayandırılmaması halında bunun təkcə Yaxın Şərq regionu üçün deyil, bütün dünya üçün daha geniş nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
“Əgər İsrailin qanunsuz hərəkətlərinin qarşısı alınmasa, bunun nəticələri yalnız regionun deyil, bütün bəşəriyyətin üzərinə düşəcək. İsrail dayandırılmalıdır. Bu, bütün mütərəqqi bəşəriyyətin borcudur. Tarixin təkrar olunmasına imkan vermək olmaz”, - deyə Ərdoğan bildirib.
Türkiyə rəhbərinin açıqlamaları NATO sammitinə hazırlıqların davam etdiyi və Yaxın Şərqdə geosiyasi gərginliyin diqqət mərkəzində qaldığı bir dövrə təsadüf edir.







