Son dəqiqə

Azərbaycan Türkiyə Dövlət Gömrük Komitəsi

Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollara yaxınlaşıb

BAKI, TurkicWorld

2025-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5,721 milyard ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 409,3 milyon ABŞ dolları və ya 6,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,58%-i həcmində olub. Bununla da Türkiyə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Türkiyəyə 3,378 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 441,6 milyon ABŞ dolları və ya 11,6% azdır.

Dövr ərzində Türkiyəyə ixrac əməliyyatlarının 118 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi isə 242,6 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə Azərbaycandan Türkiyəyə sözügedən məhsulların ixracında dəyər ifadəsində 114,4 milyon ABŞ dolları və ya 49,2%, həcm baxımından isə 187,9 min ton və ya 43,6% azalma qeydə alınıb.

Eyni zamanda 2025-ci ildə Azərbaycandan Türkiyəyə 597,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 55 milyon ABŞ dolları və ya 10,1% çoxdur. Azərbaycanın qeyri-neft məhsulları ixracında Türkiyənin payı 16,46% təşkil edib. Bununla da Türkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında Rusiyadan sonra 2-ci pillədə qərarlaşıb.

Hesabat ilində Türkiyədən Azərbaycana isə 2,343 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 32,3 milyon ABŞ dolları və ya 1,4% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

Mövzuya görə xəbərlər