Bakı limanının ikinci mərhələsinin tikintisinə başlamağı planlaşdırırıq - Şahin Mustafayev

Bakı limanının ikinci mərhələsinin tikintisinə başlamağı planlaşdırırıq - Şahin Mustafayev

Bakı. TurkicWorld:

8 ay ərzində Azərbaycan ərazisi ilə tranzit yük axını 47 faiz artıb.

TurkicWorld-un məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan qonşularla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində işləyir.

"Bugünkü görüş bir sıra layihələrin qəbulu və müzakirəsinə, o cümlədən sənədlərin imzalanmasına həsr olunub. Azərbaycan müasir standartlara cavab verən infrtastrukturun yaradılmasını hədəfləyir və bu istiqamətdə işlər davam etdirilir", - nazir müavini deyib.

O, həmçinin qeyd edib ki, Azərbaycan dəmiryol sahəsində bir sıra layihələrin reallaşdırılması ilə məşğuldur.

"Bu layihələr dəmir yollarının, təmir mərkəzlərinin tikintisi, yeni lokomotivlərin alınmasıdır. Biz həm də Bakı limanının ikinci mərhələsinin tikintisinə başlamağı planlaşdırırıq", - deyə Ş.Mustafayev bildirib.

O bildirib ki, Azərbaycan Xəzər hövzəsi akvatoriyasında neft nəql edir və bununla yanaşı sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi üzərində işləyir. İlin sonunadək avtomobil yolununun tikintisinin başa çatması planlaşdırılır.

Ş.Mustafayev əlavə edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında böyük rol oynayır.

"Rusiya ölkəmizin ərazi bütövlüyünü və regionda sülhü dəstəkləyir. 3+3 formatında əməkdaşlığın perspektivləri çox yaxşıdır. Ölkəmiz Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Biz regionda sülhün qurulmasına alternativ görmürük", - deyə o bildirib.

Baş nazirin müavini bildirib ki, azad edilmiş ərazilərdə, o cümlədən Şərqi Zəngəzurda genişmiqyaslı tikinti işləri aparılır.

"Biz bir sıra yolların, hava limanlarının tikintisini başa çatdırmışıq. Qarabağda bir sıra dəmir yollarının tikintisi qismən başa çatıb. 1 543 kilometr uzunluğunda avtomobil yollarının tikintisi davam edir", - Ş.Mustafayev deyib.

O əlavə edib ki, İran ərazisi ilə Naxçıvana yol, eləcə də elektrik xəttinin tikintisi nəzərdə tutulub.