Dünya Bankı Dünya Bankı səhiyyə məlumatları

Dünya bankı 2026-2027-ci illərdə Cənubi Qafqazda iqtisadi artımla bağlı proqnozlarını verib

Bakı, TurkicWorld

Cənubi Qafqaz ölkələrində iqtisadi artımın yaxın iki il ərzində zəifləyəcəyi gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə Dünya Bankının "Global Economic Prospects 2026" adlı yanvar hesabatında deyilir.

Dünya Bankının proqnozuna görə, Cənubi Qafqazda real ÜDM-in artımı 2026-cı ildə 3,3%, 2027-ci ildə isə 3,1% olacaq ki, bu da 2025-ci il üçün olan proqnozlardan (3,7%) aşağıdır. Sənəddə qeyd olunur ki, 2023-cü ildə region iqtisadiyyatı 4% artmış, 2024-cü ildə isə iqtisadi artım sürətlənərək 5,8%-ə çatmışdır.

"Cənubi Qafqazda artımın 2026-cı ildə 3,3%-ə, 2027-ci ildə isə 3,1%-ə yavaşlaması gözlənilir",- hesabatda qeyd olunur.

Azərbaycanda iqtisadi fəallığın neft-qaz hasilatının azalması, dünya bazarında neft qiymətlərinin düşməsi və sərt fiskal siyasət səbəbindən məhdud olacağı gözlənilir.

Ermənistan və Gürcüstanda isə artımın mülayim yavaşlaması proqnozlaşdırılır, belə ki, özəl istehlak əvvəlki illərin yüksək səviyyəsindən normal səviyyəyə qayıdır, həmçinin zəif pul köçürmələri və ixrac gəlirlərinin azalması cari əməliyyatlar balansına təzyiq göstərəcək.

Dünya Bankı vurğulayıb ki, 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh sazişi mətninin paraflanmasının regional sabitliyi möhkəmləndirəcəyi və iqtisadi inteqrasiyanı dərinləşdirəcəyi gözlənilir ki, bu da uzunmüddətli artım perspektivlərinə dəstək olacaq.

Mövzuya görə xəbərlər