BAKI, TurkicWorld
“Kazmotransflot” (KazMunayGas (KMG) şirkətinin törəmə müəssisəsi) 2025-ci ildə Aktau–Bakı–Aktau istiqamətində iyirmi futluq ekvivalentdə (TEU) 59,4 min konteyner daşıyıb.
TurkicWorld bu barədə KMG-ə istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü illə müqayisədə yükdaşımaları 15 faizdən çox artıb.
“Bu müsbət dinamika Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımalarına tələbatın artması ilə şərtlənir”, – şirkətdən bildirilib.
Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə ölkənin dəniz nəqliyyatı ilə 4,002 milyon ton yük daşınıb. Bu, 2024-cü illə müqayisədə yükdaşımaların 42 faiz artdığını göstərir. Yük dövriyyəsi 1,860 milyard ton-kilometr təşkil edib və 2024-cü illə müqayisədə 17,6 faiz artıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.







