Bakı, TurkicWorld
Bu gün ABŞ "Super emitentlər" proqramının portalını da işə salıb.
TurkicWorld xəbər verir ki, bunu ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta Bakıda COP29 çərçivəsində keçirilən CO2 olmayan metan və digər istixana qazları üzrə Sammitdə çıxışı zamanı bildirib.
"Bu gün biz həmçinin 'super-emitentlər' proqramımızın portalını işə salırıq. Bu portal peyk məlumatlarından və digər alətlərdən istifadə edərək metan sızıntılarını aşkar etməyə kömək edir, eyni zamanda neft-qaz şirkətlərinə bildiriş göndərir.
Şirkətlər bu hadisələri araşdırmalı və EPA (Ətraf Mühit Mühafizəsi Agentliyi) tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq cavab verməlidirlər. Üstəlik, bir ay əvvəl biz heyvandarlıqdan metan emissiyalarını azaldan yeni yem əlavəsinin tətbiqinə dəstək üçün fermerlərə 150 milyon dollar ayırdığımızı açıqlamışdıq - bu, həm fermerlər, həm də istehlakçılar tərəfindən dəstəklənən və artıq 55 ölkədə tətbiq edilən bir həll yoludur. Bu, heyvandarlıqdan olan emissiyaların 30 faiz azalmasına imkan verir və yeni texnologiyalar bu göstəricini üçdə iki dərəcəsində azalda bilər", - deyə C.Podesta qeyd edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.