Son dəqiqə

COP29

Almaniya və Avropa beynəlxalq iqlim maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır - XİN rəhbəri

Bakı, TurkicWorld

Almaniya və Avropa beynəlxalq iqlim maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır.

TurkicWorld xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Biz, Almaniya və Avropa olaraq, beynəlxalq iqlim maliyyələşdirilməsi üçün effektiv investisiya sistemi yaratmaq məqsədilə yeni yanaşma üzərində işləyirik. Bəli, söhbət böyük məbləğlərdən gedir. Böyük pullardan bəhs edilərkən danışıqlar hər zaman çətin olur və daha çox səbr tələb edir. Məhz buna görə detalları diqqətlə araşdırmaq vacibdir. Amma vurğulamaq istədiyim budur ki, Almaniya və Avropa beynəlxalq iqlim maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır", – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, qlobal enerji keçidi və uyğunlaşma tədbirləri üçün tələb olunan xərclər o qədər böyükdür ki, onların həyata keçirilməsi kollektiv səylər tələb edir. Bu gün karbon emissiyalarının ən böyük mənbələrindən biri olan ölkələr də istixana qazlarının həcmini azaltmalı və beynəlxalq iqlim maliyyələşdirilməsinə öz töhfələrini verməlidirlər.

"Eyni zamanda, inkişaf bankları da bu məsələlərə yönəldilməlidir, çünki bu gün onların işi çox vacibdir. Bu, həmçinin, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi qlobal maliyyə institutlarına da aiddir", – deyə A.Berbok əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər