Son dəqiqə

COP29

Təbiətin və ətraf mühitin qorunmasına investisiyalar yeni iqtisadi imkanların açılmasına töhfə verir - Nazir

Bakı, TurkicWorld

Təbiətin və ətraf mühitin qorunmasına yönəldilən investisiyalar yeni iqtisadi imkanların açılmasına töhfə verir.

TurkicWorld xəbər verir ki, bunu COP29-un prezidenti, azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Təbiətə uyğun gələcək və Paris Sazişi məqsədlərinə nail olmaq üçün iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin qorunması üzrə tədbirlərin uyğunlaşdırılması" mövzusunda keçirilən dünya liderlərinin dəyirmi masa müzakirəsində bildirib.

"İnnovativ strategiyalar biomüxtəlifliyin qorunması, bərpası və davamlı idarə olunmasına yönəldilən maliyyələşdirmə və investisiyaların həcmini artırmağa imkan verir. Təbiətə əsaslanan həll yollarına investisiya qoyaraq, biz iqtisadi potensialı açmaq, dayanıqlılığı artırmaq və davamlı gələcəyin təməlini yaratmaq imkanına malikik", – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, səylərin əsas elementi 2030-cu ilə qədər qurunun və okeanların azı 30 faizinin qorunması, biomüxtəlifliyin mühafizəsi, iqlim dəyişikliyinə dayanıqlığın artırılması və gələcək nəsillər üçün davamlı inkişafın təmin olunması kimi iddialı məqsədlərə nail olmaq istiqamətində dövlət-özəl tərəfdaşlığıdır.

M.Babayev iqlim, biomüxtəliflik, torpaq və okean məsələlərinə dair təşəbbüslərin milli siyasət çərçivəsində uyğunlaşdırılmasının vacibliyini də qeyd edib.

"Bu səylər 2030-cu ilə qədər iqlim, təbiətin mühafizəsi və davamlı inkişaf sahəsində məqsədlərə nail olmağa yönəlib", – deyə o əlavə edib.

Nazir, həmçinin, dövlət və özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

"Dövlət siyasəti və korporativ liderliyi birləşdirərək, ekosistemləri qoruya və ədalətli nəticələr təmin edə bilərik", – deyə o bildirib.

Nazir təbiətin mühafizəsi üçün maliyyələşdirmənin artırılmasının əhəmiyyətini vurğulayıb və qeyd edib ki, özəl sektor ətraf mühitlə harmoniya içində fəaliyyət göstərməlidir.

M.Babayevin sözlərinə görə, biomüxtəlifliyin şəffaf monitorinq sistemləri effektiv təbii mühafizə tədbirlərinin hazırlanmasında mühüm rol oynayır.

"Bu, iqlim və biomüxtəliflik arasında qarşılıqlı əlaqəli böhranı kompleks və çevik yanaşma ilə həll etmək üçün unikal bir imkandır", – deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər