Bakı, TurkicWorld
Azərbaycan Vəkillər Kollegiyası iqlim məsələləri üzrə Komitənin yaradılması üzərində işləyir.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Gözəl Hüseynzadə "Milli çərçivədən kənar: hüquqi yanaşmalar vasitəsilə ambisiyaları artıran hüquqşünaslar və hüquq assosiasiyaları" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
"Azərbaycan Vəkillər Kollegiyası iqlim məsələləri üzrə Komitənin yaradılması üzərində işləyir. Bu komitə iqlimlə bağlı hüquqi məsələlərin həlli üçün xüsusi platforma kimi fəaliyyət göstərəcək. Bundan əlavə, kollegiya hazırda davamlı ekoloji və iqlim hüququ üzrə geniş tədris proqramı hazırlayır.
Bu proqram hüquqşünasların ekoloji problemlərin müxtəlif fəaliyyət sahələri ilə əlaqəsinə dair məlumatlılığını artırmağa yönəlib. Ekoloji məlumatlılığa sadiqliyini təsdiq edərək, kollegiya öz ofislərində resursların məsuliyyətli idarə olunması üçün praktik tədbirlər həyata keçirib", – deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.