Son dəqiqə

Dövlət Gömrük Komitəsi Qubadlı Səfər Mehdiyev

Qubadlı gömrük postundan 2 milyona yaxın vəsait yığılıb - Səfər Mehdiyev

Qubadlı inzibati rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postu yalnız malların və nəqliyyat vasitələrinin idxalının ölkə ərazisində rəsmiləşdirilməsi deyil, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkə ərazisinə daxil olan beynəlxalq nəqliyyat vasitələri, istər yüngül, istərsə də yük nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi, yoxlanılmasının təmin edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş həddə gömrük rüsumları, yol vergisi ilə bağlı tətbiq olunan rüsumların alınmasını həyata keçirir.

TurkicWorld-un məlumatına görə, bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında Komitə sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, bu postdan yük keçmədiyi və idxal əməliyyatları aparılmadığı üçün məqsəd milyonlarla vəsaitin yığılması deyil. Burada əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etmək, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin digər keçid məntəqələrində olduğu kimi nəzarətini həyata keçirməkdir.

"Bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi həmin gömrük postundan keçib. Bunların arasında fərdi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb", - deyə Səfər Mehdiyev əlavə edib.

Mövzuya görə xəbərlər