Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Çinin nəqliyyat naziri Li Siopen arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan və Çin arasında nəqliyyat sahəsində münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Orta Dəhliz çərçivəsində əməkdaşlıq müzakirə edilib.
İki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin avtomobil və dəmiryolu, ictimai nəqliyyat, hava nəqliyyatı sahələrində Çin tərəfi ilə əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Görüş zamanı Çinin nəqliyyat naziri ölkəmizdə COP29 çərçivəsində "Dayanıqlı və rəqəmsal Orta Dəhliz" və "Yaşıl ictimai nəqliyyat" mövzularında keçiriləcək nazirlər iclaslarına dəvət olunub.
Qeyd edək ki, Orta Dəhliz 10 ildir inkişaf edir, lakin son 2 ildə Çin yüklərinin tranzitinin artması sayəsində təkan alıb. Ümumilikdə, 2023-cü ildə Orta Dəhliz vasitəsilə 2,7 milyon ton yük keçib, 2024-cü ildə isə bu göstəricinin 4,2 milyon tona çatacağı gözlənilir.