Bakı, TurkicWorld
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən "MEXT Texnoloji Mərkəzi"nin nümayəndələri "Azərtexnolayn" şirkətinin rəhbər və işçi heyətinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında yerləşən "Polad Boru Zavodu" na səfər ediblər.
İqtisadiyyat Nazirliyindən TurkicWorld-ə bildirilib ki, səfərin məqsədi istehsal proseslərinin avtomatlaşdırılması imkanlarının araşdırılması, hazırda tətbiq olunan texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin genişləndirilməsi olub.
İlk olaraq, qonaqlar zavodun istehsalat prosesləri və sənaye məhsullarının sınaq laboratoriyası ilə tanış olublar. Boru istehsalı prosesləri və laboratoriyada aparılan sınaqlar haqqında onlara geniş məlumat verilib. Daha sonra zavodun inzibati binasında keçirilən görüşdə tərəflər monitorinq, boru istehsalatı və digər əməliyyatlar üzrə rəqəmsal verilənlər bazasının təkmilləşdirilməsi və proseslərin mərkəzləşdirilmiş formada idarəolunması istiqamətində fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM ilə Türkiyənin Metal Sənayeçiləri Birliyini arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycanın istehsal sektorunda rəqəmsal savadlılığın təşviqi, ölkəmizdə Ağıllı Sənaye Hazırlığı İndeksi (Smart Industry Readiness Index - SIRI) əsasında qiymətləndirilmənin aparılması, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə istehsalat sahələrinə qarşılıqlı səfərlərin təşkili, ağıllı istehsal proseslərinin qurulması və s. kimi əməkdaşlıq istiqamətləri müəyyən edilib.
4SİM və MEXT ilə əməkdaşlıq çərçivəsində "Azergold" və "Socar Polymer"də SİRİ qiymətləndirməsi layihəsi icra olunub. "Azərtexnolayn" şirkətinin "Polad Boru Zavodu" ilə də oxşar layihənin həyata keçirilməsi imkanları müzakirə olunur.