Son dəqiqə

BMT COP29 Türk Dövlətləri Təşkilatı (TDT)

COP29 Sammiti təşkilatımıza perspektivli imkanlar təqdim edir - TDT baş katibi

Bakı, TurkicWorld

Bakıda keçiriləcək COP29 Sammiti təşkilatımıza ətraf mühitin davamlılığı və dayanıqlılığı istiqamətində mühüm töhfələr vermək üçün perspektivli imkanlar təqdim edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev "The Astana Times"a müsahibəsində bildirib.

"Ətraf mühitin davamlılığı və dayanıqlılığı gündəmimizdə ön planda olacaq. Əsas prioritetlərdən biri regionda ticarət və investisiyalar üçün yeni imkanlar yaratmaq məqsədilə müxtəlif təşəbbüslər vasitəsilə iqtisadi inteqrasiyanın və ticarət əlaqələrinin gücləndirilməsi olacaq", - deyə K.Ömuraliyev əlavə edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Mövzuya görə xəbərlər