Son dəqiqə

Çin Cənubi Qafqaz Orta Dəhliz Mərkəzi Asiya

Orta Dəhliz Şərq və Qərb arasında səmərəli marşrut təklif edir - "Caspian Policy Center"

Bakı.TurkicWorld :

Orta Dəhliz Şərq və Qərb arasında səmərəli marşrut təklif edir.

TurkicWorld "Xəzər Siyasət Mərkəzi"nə (Caspian Policy Center) istinadən xəbər verir ki, bu barədə mərkəzin icraçı direktoru Əfqan Nifti Londonda keçirilən Xəzər regionunda bağlantılar üzrə 2-ci konfransda çıxışında deyib.

"Xəzər regionu xüsusən beynəlxalq ticarət üçün potensialla dolu gizli bir incidir. Məhz burada Orta Dəhliz oyunun qaydalarını dəyişir. Bu marşrutlar şəbəkəsi Şərq və Qərb arasında daha sürətli və səmərəli keçid təklif etməklə əlaqələr barədə təsəvvürü yenidən dəyişir", - o deyib.

Rusiya ərazisindən keçən ticarət yolları ilə nəqliyyatın sanksiyalar səbəbindən çətinləşdiyini, Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən dəniz ticarətinin məhdudlaşdırıldığını qeyd edən Nifti, ticarət yollarının şaxələndirilməsinin zəruriliyinin aşkar olduğunu qeyd edib.

"Bu, Mərkəzi Asiya və Cənubi Qafqazda regional nəqliyyat əlaqələrinin inkişafına yeni təkan verir. Orta Dəhliz kimi layihələrin gələcəkdə də dəstəklənməsi təkcə region daxilində siyasi və iqtisadi əlaqələri gücləndirməyəcək, həm də bağlantılar, enerji diversifikasiyası və uzunmüddətli inkişafın təmin edilməsi üzrə regional məqsədləri dəstəkləyəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Mövzuya görə xəbərlər