Bakı, TurkicWorld
Xüsusilə uşaqlar arasında yayılan bu virus soyuqdəyməyə bənzər simptomlarla özünü göstərir və immuniteti zəif olan insanlarda daha ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.
TurkicWorld xəbər verir ki, Pekin hökuməti artımı "mövsümi vəziyyət" kimi qiymətləndirsə də, yerli səhiyyə orqanları dərhal tədbirlər görərək əhalini gigiyena qaydalarına riayət etməyə, maska taxmağa və sıx məkanlardan uzaq durmağa çağırıb.
HMPV (Human Metapneumovirus) tənəffüs yollarını zədələyən və damcı yolu ilə yayılan virusdur. İlk dəfə 2001-ci ildə aşkar edilən bu virus əsasən soyuqdəymə,öskürək,burun axması,boğaz ağrısı,yüksək temperatur,tənəffüs çətinliyi əlamətləri ilə müşahidə olunur.
Virus immuniteti zəif olan insanlarda, yaşlılarda və xroniki xəstəlikləri olan şəxslərdə daha ağır fəsadlara yol aça bilər.
Hazırda HMPV üçün xüsusi bir müalicə və ya peyvənd mövcud deyil. Xəstəliyin müalicəsində simptomların yüngülləşdirilməsi əsas yanaşma hesab olunur. Həkimlər xəstələrə daha çox maye qəbul etməyi, dincəlməyi və tənəffüs yollarını təmiz saxlamağı tövsiyə edirlər.
HMPV əsasən damcı yolu ilə — yəni öskürək, asqırıq və nəfəs vasitəsilə ötürülür. Xüsusilə qapalı, insanların sıx olduğu məkanlarda virusun yayılma riski artır.
Honq Konq artıq bir neçə HMPV hadisəsi barədə məlumat verib. Kamboca və Tayvan kimi qonşu ölkələr isə vəziyyəti yaxından izləyir və potensial yayılmanın qarşısını almaq üçün tədbirlər görürlər.
Kambocanın Yoluxucu Xəstəliklərə Nəzarət Agentliyi HMPV-ni COVID-19 və qripə oxşar virus kimi xarakterizə edib və virusun yayılma sürətinə diqqət çəkib.
HMPV virusu hazırda Çindəki səhiyyə sistemi üçün ciddi yük yaratmasa da, mütəxəssislər virusun uşaqlar arasında sürətlə yayıla biləcəyini qeyd edirlər. Virusun yayılma sürəti, əlamətləri və epidemik təsiri baxımından COVID-19-la müqayisə olunması cəmiyyətin narahatlığını daha da artırır.
Çin hakimiyyəti mövcud vəziyyətin nəzarət altında olduğunu bildirsə də, beynəlxalq səhiyyə qurumları və qonşu ölkələr virusun yayılma sürətini diqqətlə izləyir.