Tbilisi. TurkicWorld:
Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-un səmərəli əməkdaşlıq üçün bir çox imkanlar açacağı gözlənilir.
TurkicWorld-in şənbə günü verdiyi məlumata görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Avstraliya, Azərbaycan, Kamboca, Gürcüstan, Honq-Konq, Çin, Kiribati, Mikroneziya Federativ Ştatları, Nauru, Palau, Solomon adaları və Tuvalu üzrə icraçı direktoru Reyçel Tompson AİB-in Tbilisidə keçirilən illik toplantısı çərçivəsində jurnalistlərə bildirib.
"Dünyanın bu hissəsində mən Gürcüstanı və Azərbaycanı təmsil edirəm, və onlar AİB-ə qoşulandan bəri bizim seçki qrupumuzun bir hissəsidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı Asiya-Sakit Okean regionu üçün iqlim bankı rolunu oynayan AİB-in inkişaf etməkdə olan üzvü ölkəsinə qayıdır", - deyə Tompson bildirib.
O, hesab edir ki, bu, çox mühüm tədbirdir və Azərbaycan hökuməti iqlimin maliyyələşdirilməsini AİB-in də çox sadiq olduğu mühüm prioritet kimi açıq şəkildə müəyyən edib.
"Ona görə də mən hesab edirəm ki, səmərəli əməkdaşlıq üçün bir çox imkanlar olacaq və əlbəttə ki, biz AİB olaraq COP29-un uğurlu keçməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə işləməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.