Son dəqiqə

Asiya İnkişaf Bankı (AİB)

AİB Azərbaycana COP29-un keçirilməsində öz dəstəyini təklif edir - AİB prezidenti

Bakı. TurkicWorld:

Asiya İnkişaf Bankı (AİB) artıq Azərbaycana COP29-un keçirilməsində öz dəstəyini təklif edir.

Bu barədə TurkicWorld-in sualına cavab olaraq AİB-in prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in illik toplantılarının kuluarında keçirilən brifinqdə deyib.

"Mən noyabr ayında Azərbaycanda keçiriləcək COP29-a dəvət almışam. Çox şadam ki, AİB Azərbaycanın COP29-un mümkün qədər daha uğurlu keçirilməsi üzrə səylərinə öz töhfəsini verə bilər. Biz artıq COP29-un sədri kimi Azərbaycana mümkün yardım təklif etmişik. Azərbaycan nəhəng neft və qaz istehsalçısıdır.

Bu səbəbdən qazıntı yanacağından bərpa olunan enerji mənbələrinə keçidin necə təmin olunmasını müzakirə etmək üçün Azərbaycanın COP29-a sədrliyi çox əhəmiyyətlidir.

Bu həm də AİB-in prioritetidir. Azərbaycan hökuməti ilə COP29-un böyük uğurla keçirilməsi üçün AİB-in təklif edə biləcəyi yardıma dair müzakirələri davam etdirməkdən olduqca məmnunuq"- deyə o bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Mövzuya görə xəbərlər