İraqda Azərbaycanla "yaşıl" və ənənəvi enerji üzrə əməkdaşlıq imkanları müzakirə olunub

İraqda Azərbaycanla "yaşıl" və ənənəvi enerji üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Bakı. TurkicWorld:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə İraqın baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" platformasındakı hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, danışıqların mərkəzində "yaşıl" enerji üzrə potensial əməkdaşlıq imkanları dayanıb.

"İraqa səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin Baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşdük. "Yaşıl" enerjiyə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - deyə M.Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi iraqlı həmkarlarını Azərbaycanın "yaşıl" enerjiyə keçiddə məqsədləri, SOCAR tərəfindən xarici tərəfdaşların iştirakı ilə həyata keçirilən layihələr və enerji məsələləri üzrə əməkdaşlıq imkanları barədə məlumatlandırıb.