Xorvatiyanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Xorvatiyanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Bakı. TurkicWorld:

Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan bu gün axşam Azərbaycana səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç jurnalistlərə deyib.

Onun sözlərinə görə, Bakıda Azərbaycan və Xorvatiya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Həmçinin, Habiyanın azərbaycanlı həmkarı Mikayıl Cabbarovla görüşü nəzərdə tutulub.

"Kiçik və orta biznes, aqrar sektor, kənd təsərrüfatı, turizm, ərzaq təhlükəsizliyi üzrə böyük əməkdaşlıq potensialı görürük. Bu mövzular 12-13 mart tarixlərində Bakıda hər iki dövlətin iqtisadiyyatının diversifikasiyası çərçivəsində müzakirə olunacaq", - səfir deyib.

Səfir, həmçinin, Azərbaycanla neft satınalmaları və perspektiv qaz satınalmaları üzrə əməkdaşlığın birmənalı şəkildə davam edəcəyini deyib.

"Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün təkcə qazıntı yanacağı tədarükçüsü kimi vacib deyil. Hazırda onun nəqliyyat habı kimi əhəmiyyəti də artır", - deyə səfir qeyd edib.