Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inkişafına imkan yaradacaq - Aleksey Arestoviç

Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inkişafına imkan yaradacaq - Aleksey Arestoviç

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inkişafına imkan yaratmaqla əlavə gəlir mənbəyi təmin edəcək və layihədə iştirak etmək istəyən bütün dövlətlər üçün inkişaf imkanlarını genişləndirəcək.

Bu barədə TurkicWorld-a ukraynalı hərbi-siyasi icmalçı, ictimai xadim Aleksey Arestoviç deyib.

"Fikrimcə, əsas məsələ Xəzər və Aralıq dənizlərini birbaşa birləşdirən nəqliyyat dəhlizinin, yəni Zəngəzur dəhlizinin yaradılmasıdır. Ermənistan üçün daha sadə və məntiqəuyğun variant Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında sərbəst hərəkəti təmin edən bir sıra iqtisadi sazişlər imzalamaqla bu dəhlizin açılmasıdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan tərəfindən təklif olunmuş Zəngəzur dəhlizi layihəsi Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçərək nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib. Bu layihə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış Üçtərəfli bəyanat nəticəsində ortaya çıxıb.

Bəyanatın müddəalarından birində Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin etməyə hazır olduğu təsdiqlənir ki, bu da hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və məhsulların maneəsiz daşınmasına imkan verə bilər.