Almaniya şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir

Almaniya şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir

Bakı. TurkicWorld:

"TotalEnergies" və "Nobel Energy" şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik. "Nobel Energy" şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışında bildirib.

O qeyd edib ki, "Masdar" şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. "Czech Engineering" şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır.

Onun sözlərinə görə, Almaniyanın "Notus" şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyasının Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhədə yaxın ərazidə inşası nəzərdən keçirilir.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.