Bakı/TurkicWorld/ Türkiyə ilə Qazaxıstan ticarət dövriyyəsini artırmağı planlaşdırır, TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin ticarət naziri Mehmet Muş, Qazaxıstanın ticarət və inteqrasiya naziri Bakıt Sultanovla Bakıda görüşü zamanı deyib.
“Hədəfimiz iki ölkə arasındakı ticarət həcmini 10 milyard dollara çatdırmaqdır. Bunun üçün bütün səylərimizi gücləndirəcəyik”- deyə, nazir qeyd edib.
Nazir əlavə edib ki, ikitərəfli görüş zamanı qazaxıstanlı həmkarı ilə iki ölkə arasındakı yükdaşımaları eləcə də, tranzit keçidlər zamanı yaranan problemlər müzakirə olunub.
Məlumat üçün bildirək ki, Türkiyə ilə Qazaxıstan arasında 2021-ci ilin yanvar-iyun aylarında ticarət həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 1,8 milyard dollara çatıb. Ölkələr arasında ticarət həcmi 2020 - ci ildə 3.1 milyard dollar təşkil edib. Sözügedən dövrdə Qazaxıstandan Türkiyəyə ixracat 11,9 faiz azalaraq 2.1 milyard dollar, Türkiyədən Qazaxıstana idxal isə 15 faiz artaraq 1 milyard dollar təşkil edib.
Qeyd edək ki, bu gün Bakıda Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclası keçirilib. Görüşdə türkdilli dövlətlərin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Bakıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edib.







