Azərbaycan universitetlərində layihələrin idarə olunması potensialının artırılması üzrə bp layihəsi yekunlaşıb

Azərbaycan universitetlərində layihələrin idarə olunması potensialının artırılması üzrə bp layihəsi yekunlaşıb

Bakı. TurkicWorld:

Azərbaycan universitetlərində layihələrin idarə olunması potensialının artırılması üzrə bp layihəsi uğurla başa çatıb .

TurkicWorld çərşənbə günü xəbər verir ki, bunu bp-nin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Onun sözlərinə görə, layihənin məqsədi bir sıra ali təhsil ocaqlarında layihələrin idarə olunması sahəsində səriştə və bacarıqların daha da möhkəmləndirilməsindən ibarət olub.

"bp bu layihəni analoji təhsil proqramının genişləndirilməsi qismində seçib. Layihə çərçivəsində bp və tərəfdaşları bundan əvvəl 15 yerli universitetdə layihə idarəetməsi üzrə təhsili və heyətlərin formalaşmasını dəstəkləyib. Bu sonrakı layihənin məqsədi universitetlərdə tələbələrin, həmçinin müəllim heyətinin təlim alması yolu ilə əlavə resurslarla layihə idarəetmə potensialının gücləndirilməsindən ibarət olub", - deyə B.Aslanbəyli qeyd edib.

Qeyd edək ki, 14 ay ərzində (2021-ci il noyabr - 2023-cü il yanvar) layihə çərçivəsində 95 tələbə və 123 əməkdaş təlim alıb ki, bunlar da aşağıdakı 8 ali təhsil ocağını təmsil edirdi: Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyası.

"Tərəfdaşlarımızla birgə dəstəklədiyimiz və digər, bp-nin müstəqil şəkildə maliyyələşdirdiyi iki təşəbbüs yerli universitetlərə yerli təşkilatlarla və beynəlxalq tərəfdaşlarla mümkün birgə layihələrin peşəkar idarə olunması üçün zəruri bacarıq və imkanları formalaşdırmaqda və inkişaf etdirməkdə köməklik göstərmək məqsədilə hazırlanıb. Şadıq ki, iki layihəmiz sayəsində artıq yerli universitetlərin əksəriyyəti öz layihələrini, həmçinin milli və beynəlxalq əməkdaşlıqları çərçivəsində bağlaya biləcəkləri qrant sazişlərini səmərəli idarə etmək üçün qabaqcıl biliklərə, müasir metodlara və mexanizmlərə və ən əsası, beynəlxalq və milli səviyyədə sertifikasiya olunmuş mütəxəssislərə malikdir", - deyə B.Aslanbəyli son olaraq bildirib.