Son dəqiqə

Azərbaycan COVİD-19 Dövlət Turizm Agentliyi

Yay mövsümündə ölkəmizə gələn turistlərin sayında artım olacaq

Bakı. TurkicWorld:

Bu yay mövsümündə ölkəmizə gələn turistlərin sayında artım olacaq.

Bunu TurkicWorld-a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədr müavini Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin əvvəllərindən dünyanı təhdid altında saxlayan COVID-19 pandemiyası qısa bir zamanda turizm sektorunu iflic vəziyyətinə salmışdı.

"Turizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biri idi. Lakin hazırda qadağaların demək olar ki, çoxu aradan qaldırılıb. Əlbəttə ki, bunun Azərbaycana da müsbət təsirləri olacaq. Bu da turizmin dirçəlməsinə təkan verir. Yay turizm mövsümünün turizm sənayemiz üçün uğurlu olacağını düşünürəm. Bu ilin yay mövsümündə xarici turistlərin sayında da xeyli aktivlik müşahidə olunacaq. Ölkəmizə əsasən Rusiya, Avropa və region ölkələrindən daha çox turistin gələcəyini planlaşdırırıq. İstirahət üçün ölkəmizə 3-4 günlük gələn turistlər əsasən paytaxtda və paytaxta yaxın rayonlarda dincəlməyə üstünlük verirlər. Region olaraq əsasən İsmayıllı, Qəbələ, Şəki, Qubada dincəlməyə üstünlük verirlər. Əgər turistin ölkəmizdə qalma müddəti bir həftə və ya daha çoxdursa Qax, Zaqatala, Balakən rayonlarına üz tuturlar."

Ə.Qurbanov bildirib ki, bu ilin ilk beş ayına nəzər salsaq pandemiya dövrünün eyni vaxtı ilə müqayisədə ölkəmizə gələn turist sayı kəskin artıb.

"Bu da onu deməyə əsas verir ki, yay mövsümündə xaricdən gələn turistlərin sayında artım olacaq. Yay mövsümüylə əlaqədar iyun ayının ilk ongünlüyündən ölkəmizə gələn turistlərin sayının artmasının şahidi olacağıq. Ölkəmizə turist axının artmasının əsas səbəblərindən biri də Formula 1 yarışlarının ölkəmizdə keçirilməsidir. Belə ki, yarışlar ölkəmizin dünyada tanınmasında və turistlərin cəlb olunmasında xüsusi rol oynayır", - deyə o qeyd edib.

Mövzuya görə xəbərlər