Niderland aqrar sahədəki təcrübəsini məmnuniyyətlə Azərbaycanla bölüşər - Səfir

Niderland aqrar sahədəki təcrübəsini məmnuniyyətlə Azərbaycanla bölüşər - Səfir

Bakı. TurkicWorld:

Niderland Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına böyük önəm verir.

TurkicWorld xəbər verir ki, bunu çərşənbə axşamı Niderland Krallığının Azərbaycandakı səfiri Paulin Eizeman Bakıda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda kənd təsərrüfatı sektoru sürətlə inkişaf etməkdədir ki, bu da ölkənin öz iqtisadiyyatını diversifikasiyalaşdırmasına imkan verir.

"Niderland şirkətləri artıq uzun illərdir ki, Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərirlər və öz bilik və təcrübələrini istər dövlət səviyyəsində, istərsə də biznes səviyyəsində bölüşməyə hazırdırlar. Həmçinin Azərbaycanda xüsusən kənd təsərrüfatı sahəsində bu şirkətlərin texnologiyalarından çox geniş istifadə olunur", - səfir deyib.

O, Niderlandın kənd təsərrüfatı sahəsini aktiv şəkildə inkişaf etdirdiyini və bu sayədə həmin sahənin dayanıqlı inkişafına nail olmağın və yüksək nəticələr əldə etməyin mümkün olduğunu qeyd eidb.

Bundan başqa, Paulin Eizeman əlavə edib ki, dünyada kənd təsərrüfatı məhsullarının ixracına görə ikinci yer tutan Niderland məmnuniyyətlə öz təcrübəsini Azərbaycanla bölüşür.

(Tərcümə: Rəna Əbdürəhmanova)