Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin yarıdan çoxunu xam neft və neft məhsulları təşkil edir - Nazir

Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin yarıdan çoxunu xam neft və neft məhsulları təşkil edir - Nazir

Bakı. TurkicWorld:

Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsinin yarıdan çoxunu xam neft və neft məhsulları təşkil edir.

TurkicWorld-un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rumıniyanın milli bayramına həsr olunan tədbirdə çıxışı zamanı deyib.

"Ölkələrimiz arasında uğurlu siyasi əlaqələr iqtisadi tərəfdaşlığın genişlənməsinə, ticarət-iqtisadi əməkdaşlığın şaxələndirilməsinə töhfə verir. Bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi 48 faiz artaraq 526 milyon dollara çatıb. Burada 56,5 faiz payla xam neft və neft məhsulları aparıcı rol oynayır. Azərbaycan uzun illərdir Rumıniyaya xam neft ixrac edir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, SOCAR-ın Rumıniyada fəaliyyətini genişləndirməsi, o cümlədən ölkənin 28 regionunda 74 yanacaqdoldurma məntəqəsi və bir neçə yanacaq anbarının olması enerji sektorunda qarşılıqlı faydalı əlaqələrin göstəricisidir.

"Hazırda enerji sahəsində əməkdaşlığımız şaxələnir və enerji təchizatı sahəsində ümumavropa miqyası əldə edir. SOCAR və Romgaz SA arasında qaz tədarükü, "Qara dəniz LNG" layihəsi, "Həmrəylik halqası" təşəbbüsü və Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi üzrə əməkdaşlığımız enerji sahəsində Azərbaycan-Rumıniya əlaqələrinin möhkəmləndirilməsi üçün geniş perspektivlər açır. Bu layihələr Rumıniyaya digər Avropa ölkələri üçün tranzit rolunu oynamağa, eləcə də Azərbaycan qazının və yaşıl enerjinin istehlakçısına çevrilməyə imkan verir. Xüsusilə Rumıniyanın “Yaşıl enerji dəhlizi” layihəsində iştirakı və bu dəhliz üzrə Orta Asiyadan Avropaya elektrik enerjisinin ötürülməsində iştirak perspektivi ölkənin gələcəkdə strateji əhəmiyyətini daha da artıracaq", - deyə nazir vurğulayıb.