Son üç il ərzində yaşananlar Azərbaycan və Türkiyənin sevincdə və kədərdə birlikdə olduğunu göstərdi – Rəşad Cabirli

Son üç il ərzində yaşananlar Azərbaycan və Türkiyənin sevincdə və kədərdə birlikdə olduğunu göstərdi – Rəşad Cabirli

Bakı, TurkicWorld:

Son üç il ərzində yaşananlar Azərbaycan və Türkiyənin həm sevincdə, həm kədərdə birlikdə olduğunu göstərdi.

TurkicWorld xəbər verir ki, bu sözləri MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli deyib Bakıda MÜSİAD tərəfindən təşkil olunan və 200-ə yaxın iş adamının B2B görüşməsində bildirib.

O, tədbirin təşkil olunmasında verdikləri dəstəyə görə, Bahçeşehir Universiteti başda olmaqla, bütün sponsorlara, İdarə Heyətinin, İstehsalat və Ticarət Komissiyasının, MÜSİAD Azərbaycan dərnəyinin üzvlərinə təşəkkür edib.

“Toxumları 9 May 1990-cı ildə əkilən MÜSİAD hal-hazırda 82 ölkədə 164 şöbəsi olmaqla, 12 mindən çox üzvü ilə 60 min iş yerini birləşdirir. Bu isə öz növbəsində, 2 milyona yaxın insanın işlə təmin olunması deməkdir. MÜSİAD Azərbaycan filialımız 2018-ci ilin əvvəlindən,etibarən, aktiv fəaliyyətə başlayıb. Azərbaycanda hal-hazırda 75 üzvümüz ilə, 5 mindən çox işçini işlə təmin edirik. Etiqad və iqtisad bütünlüyünü qorumaqla, keyfiyyət prinsipini ön planda tutan MÜSİAD, 33 il ərzində böyük məsəfalər qət edərək qlobal sərmayə platformu halına gəlib”, - deyə o əlavə edib.

R.Cabirli onu da qeyd edib ki, Azərbaycan və Türkiyə xalqları tarixən bir-biriylə sıx əməkdaşlıq edib, bir-birinə dəstək olub, bir millət, iki dövlət prinsiplərinə sadiq qalıb, sevincli gündə də, kədərli gündə də birlikdə olub.

“Qardaş Türkiyə hər zaman olduğu kimi öz haqlı davasında da Azərbaycana dəstək verdi. 44 gün davam edən Vətən müharibəsində möhtəşəm zəfər qazanıldı. Bu qələbəni bizə yaşadan Ali baş komandana, şəhidlərimizə, qazilərimizə təşəkkür edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik”, - deyə o vurğulayıb.

Sədr onu da bildirib ki, 6 Fevralda Türkiyədə baş verən zəlzələ fəlakəti Azərbaycanı çox sarsıdıb.

“Bizlər, Cənab Prezident İlham Əliyevin çağırışına və təşəbbüsünə qoşularaq Azərbaycanda fəaliyyət göstərən QHT-lərlə MÜSİAD Azərbaycan ofisimizdə bir araya gələrək Qardaş Köməyi Platformasını təsis etdik. Məqsədimiz, Türkiyədə baş verən güclü zəlzələdən əziyyət çəkən soydaşlarımıza əlimizdən gələn dəstəyi vermək idi. Tarixdən bildiyiniz kimi Qardaş köməyi çətin günlərdə qardaşlığın sloqanıdır. Fürsətdən istidadə edib, ilk anlardan, qüvvələrini səfərbər edərək bu təşəbbüsə qoşularaq dəstək verən xalqımızın bütün nümayəndələrinə, iş insanlarımıza, qurumlara təşəkkürümüzü bildiririk”, - deyə R.Cabirli vurğulayıb.

Sədr onu da qeyd edib ki, 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsinin son bəndində iki ölkənin bütün istiqamətlərdə əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi qeyd olunub.

“Bizlər bir millət iki dövlətik! Bizlər Müstəqil dövlətin, tək millətin Müstəqil İş adamlarıyıq! Ancaq biz münasibətlərimizi bütün istiqamətlərdə dərinləşdirməliyik. MÜSİAD olaraq qardaşlıq şüurunu ortaqlıq mədəniyyəti ilə birləşdirərək qlobal iqtisadiyyatın fəal iştirakçısı olmaq əzmindəyik. Məhz bu mədəniyyət davası və təfəkkürüylə bu gün sizlərlə birlikdəyik”, - deyə o əlavə edib.

R.Cabirli onu da qeyd edib ki, bu yaxınlarda KOBİA və MÜSİAD-ın dəstəyi, KOBSKA və MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə İstanbulda “İş dünyası-100 ilin zirvəsi” adlı tədbir keçirməyi planlaşdırılır.

“Tədbir, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının yüz illiyinə həsr olunur. Fürsətdən istifadə edib sözü gedən tədbirdə Sizləri də iştirak etməyə dəvət edirik”, - deyə o vurğulayıb.