Son dəqiqə

İran Rafael Qrossi Nüvə Proqramı Nüvə obyektləri MAQBA

Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranı nüvə proqramı ilə bağlı əməkdaşlığı bərpa etməyə çağırıb. O, mühüm nüvə obyektlərinə çıxışın təmin edilməsinin Tehran üçün müsbət nəticələr verəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Qrossi İranla əlaqələrin olmamasını təəssüf doğuran hal adlandırıb və Tehranın agentliklə ciddi dialoqa başlamasının ən qısa zamanda müsbət nəticə əldə etməyə imkan verəcəyini deyib.

O bildirib ki, İran nüvə obyektlərinə çıxış təmin edərsə, bunun ölkə üçün “çox müsbət nəticələri” ola bilər.

Qrossinin çağırışı ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə məsələsinin BMT Təhlükəsizlik Şurasına çıxarılması üçün MAQBA-nın Rəhbərlər Şurasında qətnamə qəbul etdirməyə çalışdığı bir vaxta təsadüf edir.

İran isə bu təşəbbüsü rədd edərək onu nəticəsiz və çıxılmaz addım kimi qiymətləndirib. Tehran MAQBA ilə bağlı məsələlərdə siyasi təzyiqlərə qarşı olduğunu bildirib.

Qrossi qeyd edib ki, İranın nüvə obyektlərinə çıxışın məhdudlaşdırılması agentliyin ölkənin nüvə fəaliyyətini tam yoxlamaq imkanlarını ciddi şəkildə zəiflədir.

Hazırda əsas mübahisə İranın nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişinin bərpası və nüvə materiallarının vəziyyətinin yoxlanılması ətrafında cəmlənib.

Mövzuya görə xəbərlər