BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi ölkəyə qarşı düşmən mövqeyi tutduğunu iddia etdiyi bəzi xarici media qurumlarının mümkün hərbi hədəf hesab edilə biləcəyini bildirib. O, həmin qurumları xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham edib.
TurkicWorld xəbər verir ki, Əbülfəzl Şikarçinin açıqlamasını İranın “Fars” xəbər agentliyi yayıb.
Şikarçi Britaniya Yayım Şirkəti, “İran İnternational” və “Radio Fərda”nın İsrailin xarici kəşfiyyat xidməti Mossad, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və digər xarici kəşfiyyat qurumları ilə birbaşa əlaqəli olduğunu iddia edib.
İran rəsmisi həmin media qurumlarında çalışan şəxslərlə bağlı da sərt açıqlama verib.
Onun sözlərinə görə, bu qurumların əməkdaşları mümkün hərbi hədəflər siyahısına daxil edilə bilərlər.
“Bizim fikrimizcə, bunlar media qurumları deyil”, – Şikarçi bildirib.
İran Silahlı Qüvvələrinin sözçüsü həmin media qurumlarını dünyada zorakılığın təşviqində və yayılmasında da ittiham edib.
Şikarçinin xarici media qurumlarını və onların əməkdaşlarını mümkün hərbi hədəf kimi göstərməsi jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlıq yarada biləcək açıqlama kimi diqqət çəkir.







