Son dəqiqə

Hindistan məktəblərdə intizam problemi

Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

BAKI,TurkicWorld

Hindistanın Andhra Pradeş ştatının Visaxapatnam şəhərində 6 yaşlı uşağın müəllimi tərəfindən döyüldükdən sonra ölməsi ölkədə geniş etirazlara səbəb olub.

Məlumata görə, uşaq ev tapşırığını yerinə yetirmədiyi üçün müəllim tərəfindən danlanıb və vurulub. Uşağın ailəsi bildirib ki, məktəbin müşahidə kameralarının görüntülərində müəllimin onu çubuqla döydüyü görünür.

Uşaq daha sonra sinifdə huşunu itirib. Ailəsinə günorta saatlarında uşağın səhhətinin pisləşdiyi bildirilib. Onlar Kinq Corc xəstəxanasına çatanda həkimlər uşağın artıq öldüyünü açıqlayıb.

Polis ilkin araşdırmada uşağın müəllim tərəfindən danlandıqdan sonra sinifdə vəziyyətinin pisləşdiyini müəyyən edib. Uşağın ölüm səbəbinin dəqiqləşdirilməsi üçün meyit tibbi ekspertizaya göndərilib və atanın şikayəti əsasında cinayət işi açılıb.

Hadisə sosial şəbəkələrdə geniş əks-səda doğurub. İctimaiyyət müəllimin və məktəb rəhbərliyinin məsuliyyətə cəlb edilməsini tələb edir.

Andhra Pradeş hökuməti də hadisə ilə bağlı araşdırma komissiyası yaradıb. Komissiyanın hesabatından sonra hüquqi tədbirlərin görüləcəyi bildirilib.

Hadisə Hindistanda məktəblərdə uşaqlara qarşı fiziki cəza problemini də yenidən gündəmə gətirib. 2018-ci ildə aparılan araşdırmaya görə, aztəminatlı ailələrdən olan məktəb uşaqlarının təxminən 80 faizi müəllimlər tərəfindən fiziki cəzaya məruz qalıb. Ölkədə bu cür cəza rəsmi olaraq qadağan edilsə də, problemin tam aradan qalxmadığı bildirilir.

Mövzuya görə xəbərlər