Son dəqiqə

Süni intellekt IPO Anthropic ilkin kütləvi səhm təklifi şirkət dəyəri 2028 gəlir proqnozu

Anthropic 2028-ci ildə 200 milyard dollara yaxın gəlir gözləyir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ-ın süni intellekt şirkəti Anthropic-in mümkün ən böyük ilkin kütləvi səhm təkliflərindən birinə hazırlaşması fonunda investorlar şirkətin gələcək dəyərini 2028-ci ildə əldə edə biləcəyi gəlir əsasında qiymətləndirirlər.

TurkicWorld xəbər verir ki, şirkətin maliyyə göstəricilərindən məlumatlı iki mənbənin sözlərinə görə, Anthropic 2028-ci il üçün təxminən 190-200 milyard dollar gəlir proqnozlaşdırır.

Bu göstərici şirkətin may ayında açıqladığı təxminən 47 milyard dollarlıq illik gəlir tempindən dəfələrlə yüksəkdir və investorların Anthropic-in qarşıdakı illərdə nə qədər sürətlə böyüyəcəyinə dair gözləntilərinin miqyasını göstərir.

Dörd mənbənin bildirdiyinə görə, banklar və investorlar şirkətin mümkün dəyərini gələcək gəlir proqnozlarına əsaslanan şirkət dəyərinin gəlirə nisbəti göstəricisi ilə hesablayırlar.

Gəlirləri sürətlə artan, lakin hələ sabit mənfəət göstəricisinə malik olmayan proqram təminatı şirkətlərinin qiymətləndirilməsində bu üsuldan geniş istifadə olunur.

Lakin Anthropic-in qiymətləndirilməsində iki il sonrakı gəlir göstəricilərinə əsaslanılması adi yanaşmadan fərqlənir. Mənbələr bunu şirkətin biznesinin sürətli genişlənməsi və süni intellekt infrastrukturu yaratmaq üçün böyük vəsait xərcləməsi ilə əlaqələndirirlər.

Anthropic hazırda süni intellekt sistemlərinin hazırlanması və infrastrukturunun genişləndirilməsi üçün böyük sərmayələr yatırır.

Süni intellekt sahəsində xərclərin sürətlə artması son aylarda texnologiya şirkətlərinin səhmlərində geriləmələrə də səbəb olub. Bu şirkətlərin bir qismi Anthropic üçün müqayisə meyarı kimi nəzərdən keçirilir.

Anthropic-in ilkin kütləvi səhm təklifinin yekun dəyəri şirkətin gələcək gəlir artımına dair proqnozların nə dərəcədə inandırıcı hesab ediləcəyindən asılı olacaq.

Mövzuya görə xəbərlər