BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran İslam İnqilabı Keşikçiləri Ordusunun (SEPAH) Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İraqa səfər edərək silahlı qrupların tərksilah planını müzakirə edib.
TurkicWorld xəbər verir ki, bu barədə İraqın əsas şiə siyasi partiyalarını birləşdirən Koordinasiya Çərçivəsindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Qaani bu həftənin əvvəlində əvvəlcədən elan olunmamış şəkildə Bağdada gedib və burada İraqın siyasi və təhlükəsizlik rəhbərləri, eləcə də şiə silahlı qruplarının komandirləri ilə qapalı görüşlər keçirib.
Bildirilib ki, görüşlərdə İraq hökumətinin silahlı qrupların tərksilah edilməsi və silahların dövlət nəzarətinə keçirilməsi planı müzakirə olunub.
Mənbə qeyd edib ki, Tehran Qaani vasitəsilə silahlı qruplara hazırkı mərhələdə silahları təhvil verməmək barədə mesaj göndərib.
İraq mənbəsinin iddiasına görə, İran bölgədə yeni müharibə mərhələsinin başlaya biləcəyini ehtimal edir.
Mənbə bildirib ki, İran tərəfi hökumətlə silahlı qruplar arasında qarşıdurmanın qarşısını almaq üçün hərbi addımlar əvəzinə siyasi kompromis tapılmasını istəyir.
Həmçinin qeyd olunub ki, İraqın siyasi qüvvələri hökumətin planının zor tətbiqi yolu ilə həyata keçirilməsinə qarşı çıxırlar.







