BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın ali rəhbəri və silahlı qüvvələrin baş komandanı Müctəba Hüseyni Xamenei ölkənin hərbi strukturlarında altı yüksək rütbəli komandirin təyin edilməsi ilə bağlı sərəncam verib.
TurkicWorld xəbər verir ki, Müctəba Hüseyni Xamenei "Teleqram" kanalında yaydığı açıqlamada Baş Qərargah, İslam İnqilabı Keşikçiləri Korpusu və Bəsic qüvvələri üzrə yeni təyinatlar barədə məlumat verib.
General-mayor Əli Abdullahı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib. Briqada generalı Kiymars Heydəri isə onun müavini vəzifəsinə gətirilib.
Əhməd Vahidi general-mayor rütbəsinə yüksəldilərək İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı təyin olunub. Mustafa İzadinin isə onun müavini olduğu bildirilib.
Həmçinin kontr-admiral Əli Özmai İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
Hüseyn Taeb isə Bəsic qüvvələrinin rəhbəri vəzifəsinə gətirilib.
Yeni təyinatlar İranın hərbi rəhbərliyində mühüm dəyişikliklər kimi qiymətləndirilir.







