BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian Tehranın Qəzza ilə bağlı davam edən danışıqlarda HƏMAS-ın qəbul edəcəyi qərarları dəstəkləyəcəyini bildirib.
TurkicWorld xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, Pezeşkian bu fikri HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə ilə telefon danışığı zamanı səsləndirib.
"İran Fələstin rəhbərliyinin danışıqlar prosesində qəbul edəcəyi hər bir addımı, təşəbbüsü və qərarı dəstəkləyəcək", – deyə İran prezidenti bildirib.
Ötən həftə ABŞ Prezidenti Donald Tramp HƏMAS-ın Misir, Qətər və Türkiyənin də iştirak etdiyi "Sülh Şurası" çərçivəsində aparılan danışıqlardan sonra silahsızlanmağa razılaşdığını iddia etmişdi.
Bununla belə, İsrail HƏMAS tam silahsızlaşdırılmayana qədər Qəzza zolağından geri çəkilməyəcəyini bəyan edir.
HƏMAS isə öz növbəsində İsrail qoşunları Qəzzadan tam çıxarıldıqdan sonra silahsızlanma məsələsinə baxa biləcəyini bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu isə çərşənbə axşamı verdiyi ilk ictimai açıqlamada İsrailin Trampın irəli sürdüyü planı qəbul etmədiyini deyib.







