BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran və Oman arasında Hörmüz boğazı ilə bağlı əldə oluna biləcək mümkün razılaşma ABŞ ilə İran arasında diplomatik danışıqların yenidən başlanmasına şərait yarada bilər.
TurkicWorld xəbər verir ki, diplomatik mənbələr danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu və razılaşmanın günün sonunadək imzalana biləcəyini istisna etmirlər.
Məlumata görə, Tehran Hörmüz boğazını xarici siyasətində əsas çəkindirici vasitələrdən biri hesab edir və bildirir ki, müharibədən əvvəlki vəziyyətə qayıdış mümkün olmayacaq.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, tərəflər gəmilər üçün təhlükəsiz giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsi üzərində işləyirlər. Tehran hesab edir ki, bu mexanizm həm İranın suveren hüquqlarını, həm də tərəflərin milli maraqlarını təmin etməlidir.
Bununla yanaşı, İran tərəfi boğaz üzərində nəzarətin özündə qalmasını istəyir və Omanın əvvəllər irəli sürdüyü iki marşrutlu təklif əvəzinə yalnız bir gəmiçilik dəhlizinin yaradılmasını müdafiə edir.
İran rəsmiləri hazırkı mərhələdə danışıqların yalnız Tehran və Maskat arasında aparıldığını bildirsələr də, analitiklər ABŞ-nin prosesdə əsas amillərdən biri olaraq qaldığını qeyd edirlər.
İranın dövlət televiziyası IRIB məlumatlı mənbəyə istinadən bildirib ki, ABŞ-nin Anlaşma Memorandumunun şərtlərini pozduğu iddia olunduğu müddətdə, hətta İran və Oman arasında razılaşma əldə edilsə belə, Hörmüz boğazı yenidən açılmayacaq.
Tehran boğazın açılması üçün əsas şərtlərdən biri kimi ABŞ-nin bölgədə tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılmasını göstərir.
Məlumata görə, tərəflər arasında mübahisəli məsələlər sırasında İranın nüvə proqramı, təhlükəsizlik təminatları, dondurulmuş aktivlər və mümkün təzminat məsələləri də qalır.
Bununla belə, analitiklər hesab edirlər ki, Hörmüz boğazı üzrə İran və Oman arasında əldə olunacaq razılaşma ABŞ–İran danışıqlarının bərpasına və İslamabadda imzalanmış Anlaşma Memorandumunun yenidən gündəmə gəlməsinə yol aça bilər.







