BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, hökumət davam edən gərginlik fonunda mümkün ən pis ssenarilərə hazırlaşır və qarşıdakı iki il üçün zəruri ehtiyatların yaradılması istiqamətində tədbirlər görür.
TurkicWorld xəbər verir ki, İranın yarı rəsmi Fars xəbər agentliyinin yaydığı məlumata görə, Məhəmməd Rza Arif ölkənin növbəti iki il üçün ehtiyatlar formalaşdırdığını bildirib.
Vitse-prezident hansı növ ehtiyatlardan söhbət getdiyini açıqlamayıb.
Onun sözlərinə görə, hökumətin əsas prioriteti ölkə daxilində sabitliyin və ictimai asayişin qorunmasıdır.
Arif qeyd edib ki, dövlət bütün mümkün ssenariləri, o cümlədən ən ağır vəziyyətləri nəzərə alaraq hazırlıq planları həyata keçirir.
İran rəsmisinin açıqlaması ölkədə və regionda davam edən hərbi və siyasi gərginlik fonunda səsləndirilib.







