BAKI,TurkicWorld,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Budeyvi İranın Küveytdəki mülki obyektlərə hücumlarını qətiyyətlə pisləyib.
TurkicWorld xəbər verir ki, Casim Məhəmməd Əl-Budeyvi yaydığı bəyanatda bu hücumların bölgədə təhlükəsizlik və sabitliyi pozmağa yönəlmiş siyasətin davamı olduğunu bildirib.
Onun sözlərinə görə, hücumlar Küveytin şimalında yerləşən dövlət obyektini və Bubiyan adasında özəl şirkətə məxsus mülki nəqliyyat vasitələrini hədəf alıb.
Baş katib bu hadisəni Küveytin suverenliyinə qarşı açıq təcavüz və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
Əl-Budeyvi vurğulayıb ki, baş verənlər Küveytin təhlükəsizliyi, sabitliyi, eləcə də ölkə vətəndaşları və sakinlərinin həyatına birbaşa təhdid yaradır.
O, Körfəz Əməkdaşlıq Şurasının Küveytlə tam həmrəy olduğunu və ölkənin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində atdığı bütün addımları dəstəklədiyini bəyan edib.







