BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ prezidenti Donald Tramp İordaniyada yerləşən Amerika hərbi bazasına yönəldiyi bildirilən raket hücumundan sonra Vaşinqtonun İrana qarşı sərt addımlar atacağını bəyan edib.
TurkicWorld xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə doğru buraxıldığı bildirilən bir neçə ballistik raketin havada zərərsizləşdirildiyini açıqlayıb.
Trampın reaksiyası "Fox News" telekanalına verdiyi müsahibə zamanı səsləndirilib. Müsahibə yayımlanmasa da, telekanalın müxbiri prezidentin İranı "sərt şəkildə vuracaqlarını" dediyini bildirib.
Ağ Ev və ABŞ Müdafiə Nazirliyi mümkün cavab tədbirlərinin məzmunu və vaxtı barədə əlavə məlumat açıqlamayıb.
İran tərəfi isə Trampın bəyanatı və raket hücumu ilə bağlı iddialara hələlik rəsmi münasibət bildirməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.







